Xəbər axtarın

Son axtarış nəticələri:

“ChatGPT”-yə ötürdüyünüz məlumatı sonradan geri almaq mümkün deyil" - Mütəxəssis

29.12.2025 15:18

Bu gün süni intellekt sistemlərindən dövlət sirri ilə çalışan dövlət qurumları da istifadə edirlər. Bir çox insanlar rahatlıq naminə daxili iş sənədlərini, müqavilə layihələrini, maliyyə hesabatlarını, dövlət qurumlarına aid məlumatları və digər həssas informasiyaları süni intellekt sistemlərinə ötürürlər.

Əsas problem ondan ibarətdir ki, bu məlumatların harada saxlanıldığını, nə qədər müddət qorunduğunu və həmin məlumatlara kimlərin çıxış əldə etdiyini istifadəçi tam şəkildə nəzarətdə saxlaya bilmir.

Primeinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzərində işləyən proqram təminatı mühəndisi Adil Əliyev deyib.

“Böyük texnologiya şirkətləri təhlükəsizliyə ciddi yanaşsalar da, insan faktoru və sistem səhvləri hər zaman mövcuddur. Tarix dəfələrlə göstərib ki, hətta ən güclü və ən təcrübəli şirkətlər belə məlumat sızmalarından sığortalanmayıb.

Unutmaq olmaz ki, əgər siz hansısa məxfi məlumatdan istifadə edərək “ChatGPT” kimi bir sistemə sual verirsinizsə, həmin məlumatı sonradan geri almaq artıq mümkün deyil. Bu halda siz, istəmədən də olsa, məlumatı üçüncü tərəfə ötürmüş olursunuz. Əgər bu məlumat məxfi və ya qorunan kateqoriyaya aiddirsə, bunun hüquqi məsuliyyəti də birbaşa istifadəçinin üzərinə düşür.

Xüsusilə, əgər bu məlumatların tərkibində insanların şəxsi məlumatları və ya digər konfidensial informasiyalar varsa, bu cür süni intellekt sistemlərindən istifadə etmək qətiyyən tövsiyə edilmir.

Eyni zamanda, təşkilatlar da anlamalıdır ki, insanlar artıq rahat və çevik rəqəmsal alətlərdən istifadə etməyə öyrəşiblər. Bu səbəbdən, əgər təşkilat daxilində təhlükəsiz süni intellekt sistemləri mövcud olarsa, əməkdaşlar bu alətlərdən istifadə edərək işlərini daha səmərəli görə bilərlər və eyni zamanda, kənar platformalara müraciət etmədikləri üçün məlumat sızması riski də minimuma enər. Süni intellekt məhsuldarlığı inanılmaz dərəcədə artırır. Amma sürət naminə təhlükəsizlikdən imtina etmək ən bahalı səhvdir”, – deyə mütəxəssis əlavə edib.

Paylaş: