Xəbər axtarın

Son axtarış nəticələri:

Həyatı xilas edilən 7 aylıq körpə evə buraxılıb

17.12.2025 12:48

Bir neçə gün öncə kəskin tənəffüs problemi ilə təcili xəstəxanaya yerləşdirilən körpənin vəziyyəti yaxşıdır.

Primeinfo.az xəbər verir ki, 06.05.2025 təvəllüdlü Güray Məmmədsoy Rəşad oğlu dekabr 12-də axşam saatlarında “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası və abstruksiyası” diaqnozu ilə Sabunçu rayon 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.

Körpənin nənəsi Məlahət Məmmədovanın sözlərinə görə, müayinə zamanı 7 aylıq uşağın saturasiyasının 88%-ə düşdüyü müəyyən olunub. Vəziyyətinin kritik olması səbəbi ilə o, dərhal reanimasiya şöbəsinə qəbul edilib. Şöbənin peşəkar və fədakar həkim heyətinin çevik müdaxiləsi nəticəsində körpə ağır vəziyyətdən çıxarılaraq, həyatı xilas olunub:

“Bu çətin və məsuliyyətli işdə göstərdikləri peşəkarlığa, diqqətə və səbrə görə xəstəxananın reanimasiya şöbəsinin bütün kollektivinə ailəmiz adından dərin minnətdarlığımızı bildiririk. Xüsusən də Zinyət xanıma, Tamella xanıma və Nuranə xanıma, habelə bütün tibb bacılarına, kiçik tibb personalına təşəkkür edirik. Onların əməyi sayəsində bizim körpəmiz həyatına davam edə bildi”.

Qeyd edək ki, Güray Məmmədsoyun anası doğuş zamanı vəfat edib. Məlahət Məmmədova deyir ki, anasız qalan nəvəsinin tam sağlığına qovuşması onlar üçün çox həssas və vacib məsələdir:

“Çox şükür ki, Güray kritik vəziyyətdən çıxıb və hazırda müalicəsini evdə davam etdirir”.

 

Paylaş: