Xəbər axtarın

Son axtarış nəticələri:

Lökbatanda 4 nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi başlanıb - FOTO - VİDEO - YENİLƏNİB

05.12.2025 12:13

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü, 4 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb.

Bu barədə Primeinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.

Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

***

10:44

Lökbatanda yanğında ölənlərin adları açıqlanıb.

Primeinfo.az-ın əldə etdiyi məlumata görə, yanğında Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) ölüb.

***

09.52 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Primeinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Paylaş: