
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovu qəbul edib.
Primeinfo.az xəbər verir ki, nazir görüş zamanı Prezident Şavkat Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.
Görüşdə Özbəkistan–Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətləri müzakirə olunub. Tərəflər bütün sahələrdə əməkdaşlığın dinamik inkişafını, ticarət dövriyyəsinin davamlı artımını və xüsusilə enerji sahəsində əldə olunan nəticələri məmnunluqla qeyd ediblər.
Söhbət zamanı neft-qaz sektoru, geoloji kəşfiyyat, yaşıl enerji və kimya sənayesinin inkişafı üzrə həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb. Tərəflər bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
