
Cəbrayıl rayonu Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.
Primeinfo.az xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndi bu gün 22 ailə olmaqla, 85 nəfərə qucaq açıb.
Sakinlərə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Horovlu kəndinin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub.
Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.





