
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməyinin səbəbini açıqlayıb.
Primeinfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o bu barədə hökumət iclasından sonra keçirdiyi brifinqdə bildirib.
“Mən gördüm ki, bizim baş verənləri qəbul etməyi həddən artıq mürəkkəbləşdirmək meylimiz var. Məsələn, niyə bu mikrofon mavidir, o birisi isə qırmızı, niyə sarı deyil, qaradır və artıq bunun əsasında geosiyasi nəticələr çıxır” – o, deyib.
Paşinyan həmçinin, İlham Əliyevə Azərbaycan üzərindən Ermənistana yük tranzitinə şərait yaratdığı üçün Avrasiya İttifaqının görüşündə təşəkkür etdiyini xatırladaraq, bunun doğru addım olduğunu əlavə edib:
“İlham Əliyevə təşəkkür etmişəm, düz də etmişəm. İrəvan bu məsələ ilə bağlı mövqeyini mümkün qədər çox müxtəlif məkanda ifadə etməsəydi, qəribə olardı. Ermənistanla birbaşa əlaqəli hadisə baş verəndə, ölkə buna münasibətini bildirməli və bu münasibət müsbətdirsə, onu açıq şəkildə ifadə etmək lazımdır”.
O, belə hadisələrə açıq şəkildə münasibət bildirməyini düzgün saydığını və Ermənistanın mövqeyinin dəqiq ifadə olunması üçün bunu müxtəlif platformalarda bilərəkdən paylaşdığını qeyd edib.