
İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları fonunda hökumətin vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı yerli KİV-ə açıqlamasında xalqa xidmət edə bilmədiyi halda vəzifədə qalmağın mənasız olduğunu vurğulayıb.
Pezeşkian bildirib ki, məsuliyyət onun üzərinə düşürsə, problemi də şəxsən həll etməlidir: “Biz laqeyd qalmayacağıq və yoxsulluqla, aclıqla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik”.
Prezident əlavə edib ki, əhalinin rifahı onun gündəlik diqqət mərkəzindədir: “Pul-kredit və bank sisteminin islahatı, vətəndaşların alıcılıq qabiliyyətinin qorunması üçün əsas tədbirlər planlaşdırılıb”.
Bu çərçivədə Pezeşkian daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə dialoq aparmaq və onların qanuni tələblərini dinləmək barədə göstəriş verib.
İran İslam Respublikasının prezidenti bu mövqeyini “X” sosial şəbəkəsində də paylaşaraq, hökumətin problemlərin həlli üçün məsuliyyətli və fəal şəkildə çalışacağını qeyd edib.