Xəbər axtarın

Son axtarış nəticələri:

"Qış nağılı" yenidən Fəvvarələr meydanında - FOTO

09.12.2025 12:44

Bu il “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası ilk dəfə sirk tematikası ilə təqdim olunur və Fəvvarələr Meydanını rəngarəng personajların, canlı şouların, musiqinin və özünəməxsus dekorların harmoniya təşkil etdiyi unikal bir məkana çevirir.

Primeinfo.az-a bu barədə “Nargis” Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il yarmarkada qonaqları 60 böyük və 20 balaca dekorativ ev, üç ədəd iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti, iki photo booth, müxtəlif tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni konstruksiyalar qarşılayacaq.

2013-cü ildən etibarən hər il “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən və şəhərimizin artıq Yeni il ənənəsinə çevrilmiş “Soyuq əllər, isti ürək” yarmarkası bu il də xeyriyyə məqsədilə keçirilir. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.

Hər il olduğu kimi, yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq. İnternat, uşaq evləri və sosial xidmət müəssisələrindən olan azyaşlılar fəxri qonaqlar olaraq yarmarkaya qatılacaqlar.

Xeyriyyə yarmarkasının qapıları 8 yanvar 2026-cı il tarixinədək hər gün 11:00-dan 23:00-dək açıq olacaq və hər il olduğu kimi, giriş tamamilə ödənişsizdir.

Fəvvarələr Meydanında qonaqlar həm Qərbin, həm də Şərqin ləzzətlərini bir araya gətirən məkanlarda yüksək keyfiyyətli təamlardan və isti içkilərdən dadmaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq, sevdikləri ilə birlikdə unudulmaz xatirələri şəkillərdə həkk etmək imkanı qazanacaqlar.

Paylaş: