
Vəhdət Partiyasının qərargahında müharibə veteranları ilə keçirilən geniş tərkibli görüşdə qazilərin sosial müdafiəsinin gücləndirilməsi, dövlət tərəfindən göstərilən qayğı mexanizmlərinin təkmilləşdirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi müzakirə edilib.
Primeinfo.az xəbər verir ki, görüşdə müxtəlif bölgələri təmsil edən iyirmiyə yaxın qazi iştirak edib.
Adəm İsmayıl Bakuvi: “Qazilər bu xalqın şərəf kitabının canlı səhifələridir”
Tədbiri açan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi qeyd edib ki, Azərbaycan dövləti müharibə iştirakçılarına göstərilən diqqəti və qayğını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib:
“Qazilər bu xalqın şərəf kitabının canlı səhifələridir. Onlara qayğı göstərmək bir sosial paket deyil, milli borcumuzdur. Dövlətin bu sahədə apardığı siyasət ardıcıl və qətiyyətlidir, cəmiyyətin də bu istiqamətdə həmrəylik nümayiş etdirməsi vacibdir”.
Görüşdə “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri Əhli Həbiyev, Aqil Əliyev, eləcə də ehtiyatda olan polkovnik Xətai Baxışov çıxış edərək ölkədə veteranların sosial müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.
Veteranların sosial təminatı gündəmdə
Natiqlər dövlətin reabilitasiya xidmətlərini genişləndirməsi, tibbi və psixoloji dəstək proqramlarının artırılması, məşğulluq layihələrinin geniş tətbiqi və mənzil–maddi təminat istiqamətində atılan addımların real nəticələr verdiyini bildiriblər. Bununla yanaşı, mövcud problemlər və onların həlli ilə bağlı konkret təkliflər səsləndirilib.
Veteranlar çıxışlarında hazırda 80 manat təşkil edən sosial müavinətin artırılması məsələsini xüsusi olaraq gündəmə gətiriblər. Qazilər vurğulayıblar ki, müavinətin artırılması onların sosial rifahına ciddi töhfə verəcək və dövlətin veteranlara olan qayğısının daha da gücləndirilməsi baxımından önəmli addım olacaq. Onlar Vəhdət Partiyasından bu istiqamətdə dəstəyin davam etdirilməsini, mövcud təkliflərin aidiyyəti dövlət qurumlarına çatdırılmasında fəal rol oynanmasını xahiş ediblər.
Veteranlardan milli həmrəylik çağırışı
Görüşdə veteranlar qeyd ediblər ki, Vətənə xidmət döyüşlə bitmir — bu missiya bu gün ideoloji, ictimai və milli dəyərlərin qorunması müstəvisində də davam edir. Onlar gənclərin vətənpərvərlik tərbiyəsi, milli şüurun möhkəmləndirilməsi və döyüş tarixinin düzgün təbliği istiqamətində yeni layihələrin vacibliyini vurğulayıblar.
Sonda iştirakçılar bu kimi görüşlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd ediblər. Qazilər və Vəhdət Partiyası rəhbərliyi veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün birgə fəaliyyətin davam etdiriləcəyini bəyan ediblər.




