
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib.
Primeinfo.az xəbər verir ki, o bu barədə dünən Milli Məclisdə çıxışı zamanı bildirib:
“İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binası yerləşir. İndi o binanın bir mərtəbəsini restoran ediblər. Sözüm yoxdur. Orada Milli Ensiklopediya olanda qarşısında haqlı olaraq Həsən bəy Zərdabinin heykəli qoyulmuşdu. Çünki o, mətbuatımızın banisidir. İndi Həsən bəy Zərdabi orada restoranın qapıçısı kimi görünür. Restorana girənlər baxırlar ki, “bu kimdir?”.
Həsən bəy Zərdabinin abidəsinin müəllifi, Əməkdar heykəltaraş Elmira Hüseynovanın qızı Əsmər Nərimanbəyova bu təklifə etiraz edib.
O, bu haqda “Facebook” hesabında bildirib:
“İçərişəhərdə on illərdir dayanan bir abidəni necə köçürmək olar? Bu abidənin müəllifinə, – anama, Azərbaycanın əməkdar heykəltəraşı Elmira Hüseynovaya qarşı necə də hörmətsizlikdir. Dünyanın hər yerindəki abidələr şəhərləri bəzəyib; onların ətrafında və ya yaxınlığında restoranlar və başqa hər şey tikilə bilərdi. Bu onları heç də korlamadı.
Əgər bir şey sizi narahat edirsə, o restorana diqqət yetirin və onu başqa yerə köçürün. Mövcud nizam pozulmamalıdır: bu abidə öz üslubu və kompozisiyası ilə köhnə şəhərlə bağlıdır. Vəziyyəti bu qədər az insanın başa düşməsi təəssüf doğurur…”
İçərişəhərdə yerləşən heykəl 1979-cu ildə qoyulub. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.

