
ABŞ Dövlət Katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində Vaşinqtonun Venesuela rəhbərliyi ilə əlaqələri barədə geniş çıxış edəcək.
Primeinfo.az xəbər verir ki, “Bloomberg” Rubionun çıxışının mətnini əldə edib.
Mətndən aydın olur ki, Rubio Vaşinqtonun Venesuelaya qarşı yenidən güc tətbiq etməsinin gündəmdə saxlandığını deyəcək:
“Digər metodlar nəticə verməsə, maksimum əməkdaşlığı təmin etmək üçün güc tətbiq etməyə hazırıq. Ümid edirik ki, güc tətbiq etmək məcburiyyətində qalmayacağıq, amma Amerika vətəndaşları qarşısındakı məsuliyyətlərimizə və bu yarımkürədə missiyamıza çatmaq üçün heç vaxt çəkinməyəcəyik”.
“Bloomberg”in məlumatına görə, Rubio həmçinin senatorlara Venesuela prezidenti Delsi Rodrigezin ölkənin enerji sektorunu Amerika şirkətlərinə açmağa, onlara neft hasilatına prioritet giriş imkanı verməyə və onun satışından əldə edilən gəliri Amerika mallarının alınması üçün istifadə etməyə razılıq verdiyini bildirəcək.
Agentlik qeyd edir ki, bu gün keçirilməsi planlaşdırılan dinləmə Rubionun 3 yanvarda Karakasda ABŞ hərbi əməliyyatından bəri Konqresdə ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq.