Xəbər axtarın

Son axtarış nəticələri:

Uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur - DƏMX

22.01.2026 13:39

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

Primeinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb:

“Bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9 300 AZN məbləğində inzibati cərimə tətbiq edilib. Eyni zamanda ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb. Bununla yanaşı, uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri hazırlanaraq Nazirliyə təqdim edilib”.

Həmçinin ƏMAS-da yaradılmış funksionallıq sayəsində 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsinin bağlanmasına dair bildirişin qeydiyyata alınmasına imkan verilmir. Sistemdə yeni yaradılmış funksionallıqlara əsasən:

– 16 yaşdan az olan işçilərə əmək məzuniyyətinin 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az təyin olunmasına qadağa müəyyən edilib;
– 15-18 yaşınadək olan şəxslər üzrə həftəlik iş vaxtının yuxarı həddi ilə bağlı məhdudiyyət tətbiq edilib (16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamaqla);
– 15-18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığının ƏMAS-a əlavə edilməsi təmin edilib;
– Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı üzrə uşaq əməyindən istifadənin qarşısının alınması məqsədilə ƏMAS-da funksionallıq yaradılıb.

Paylaş: