
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Primeinfo.az CityPost.az-a istinadən bildirir ki, həmin şəxs artıq işdən çıxarılıb:
“İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. Səbəb kimi isə göstərilib ki, onun bu davranışı İsa Həbibbəylini ictimaiyyətin qınağına tuş gətirib”.
Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.
***
12:27
Sosial şəbəkələrdə müzakirə olunan, AMEA-nın Prezidenti İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli olub.
Primeinfo.az Konkret.az-a istinadən xəbər verir ki, bu şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur. O uzun müddət Akademiyanın vitse-prezidentinin xidmətində çalışıb.
Qeyd edək ki, akademik İsa Həbibbəyli son illərdə davranışları və açıqlamaları ilə medianın diqqətindən yayınmır. Bu dəfə o, 20 yanvar günündə əməkdaşının tutduğu çətirlə gündəm olub.
Xatırladaq ki, Prezident İlham Əliyev 20 yanvar şəhidlərinə ehtiramını bildirərkən çətirini özü tutmuşdu. Sosial şəbəkələrdə dövlət başçısının bu addımı təqdir olunmuşdu.
