
“2025-ci ildə vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 6 897 halda əmək qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb.
Fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 622 550 AZN məbləğində inzibati cərimə tətbiq edilib”.
Primeinfo.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb. 36-sı qrup halında olan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub.
Görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib.
“Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN) əməkhaqqı, 1,67 %-i (14 050 AZN) zərərə görə ödənc, 4,67 %-i (39 360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub.
Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib”.