Xəbər axtarın

Son axtarış nəticələri:

Pərviz Şahbazov: "ARDNF-in İtaliyaya yatırımları 3 milyard dollara yaxınlaşıb"

13.01.2026 11:38


“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard ABŞ dolları təşkil edir”.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında çıxışı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycandan İtaliyaya 342 milyon ABŞ dolları, İtaliyadan isə Azərbaycana 805 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Bu göstəricilərin artırılması məqsədilə birgə layihələrlə yanaşı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması xüsusi əhəmiyyət daşıyır.

Nazir bildirib ki, ötən il İtaliya təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təchiz edilib. Onun sözlərinə görə, indiyədək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 54,3 milyard kubmetr, bunun 45,4 milyard kubmetri isə İtaliyaya nəql olunub.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilir.

İclas çərçivəsində iki ölkə arasında energetika, ticarət, sənaye, investisiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunur.

Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.

Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

 

Paylaş: