
Fransa Milli Assambleyası növbəti dəfə anti-Azərbaycan qətnamə qəbul edib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin aşağı palatasının saytında məlumat verilib.
Qətnamənin lehinə 183 üzv səs verib, əleyhinə isə səs verən olmayıb. Qətnaməni Fransa-Ermənistan Dostluq Qrupu adından Parlament üzvü Loran Vaukiez təqdim edib və bir sıra parlamentarilər dəstəkləyib.
Musavat.com xəbər verir ki, bu barədə Fransa parlamentinin aşağı palatasının saytında məlumat verilib.
Fransa Milli Assambleyasının Azərbaycan tərəfindən saxlanılan keçmiş separatçı rejimin nümayəndələrinin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı qəbul etdiyi qətnamə Parisin Cənubi Qafqazda sülh siyasətinə qarşı olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, qətnamənin yekdilliklə qəbul edilməsi isə bu mövqenin təsadüfi deyil, sistemli və siyasi sifariş xarakteri daşıdığını göstərir.
Sənəddə Azərbaycanın suveren hüquqlarının, ərazi bütövlüyünün və milli qanunvericiliyinin tam şəkildə ignor edilməsi xüsusilə diqqət çəkir. Azərbaycanın məhkəmə orqanları tərəfindən müharibə cinayətləri, separatçılıq, terror fəaliyyəti və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər “erməni əsirləri” kimi təqdim olunur. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin daxili işlərinə qarışmamaq və məhkəmə müstəqilliyinə hörmət prinsiplərinə ziddir.
Fransa parlamentinin “Artsax” terminindən istifadə etməsi də siyasi manipulyasiyanın açıq göstəricisidir. Beynəlxalq hüquqda mövcud olmayan, BMT tərəfindən tanınmayan bu ifadənin rəsmi sənəddə yer alması Parisin Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq şübhə altına aldığını göstərir. Eyni zamanda, “öz müqəddəratını təyin etmə” tezisinin selektiv şəkildə qabardılması Fransanın digər regionlarda – o cümlədən Korsika, Yeni Kaledoniya və Fransa müstəmləkə irsindəki oxşar məsələlərdə tam fərqli mövqe sərgiləməsi ilə açıq ziddiyyət təşkil edir.
Qətnamədə Azərbaycanın guya “erməni mədəni və dini irsini sistemli şəkildə məhv etməsi” iddiaları irəli sürülür, lakin bu ittihamları təsdiqləyən hər hansı müstəqil beynəlxalq mexanizmə və ya hüquqi sübuta istinad edilmir. Bunun əksinə olaraq, Azərbaycan illərdir beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək azad edilmiş ərazilərdə mədəni irsin qorunması və bərpası prosesini həyata keçirir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Fransa 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində törətdiyi dağıntılar, mədəni soyqırımı və etnik təmizləmə faktları ilə bağlı heç vaxt bu cür “həssaslıq” nümayiş etdirməyib. Bu isə Parisin mövqeyinin humanitar deyil, açıq siyasi və daxili auditoriyaya hesablanmış olduğunu göstərir.
Nəticə etibarilə, Fransa Milli Assambleyasının qəbul etdiyi bu qətnamə sülh prosesinə töhfə vermək əvəzinə, regionda gərginliyi artıran, Ermənistan daxilində revanşist dairələri ruhlandıran və Azərbaycanın legitim hüquqi addımlarını gözdən salmağa yönəlmiş qərəzli sənəd kimi qiymətləndirilməlidir.