
ABŞ və İsrail ilə İran arasında gərginliyin açıq müharibəyə çevrilməsi region ölkələri üçün real təhlükə kimi qiymətləndirilir. Belə bir müharibənin nə qədər davam edəcəyini əvvəlcədən demək çətindir. Müasir müharibələr bəzən qısa, amma dağıdıcı zərbələrlə başlayır və sonra illərlə davam edən regional qarşıdurmaya çevrilir.
Ən böyük risk isə müharibənin iki dövlət arasında qalmaq əvəzinə bütün regionu alovlandırmasıdır. Yaxın Şərqdə bir cəbhə açıldıqda, çox vaxt ardınca başqa cəbhələr də formalaşır.
Belə bir ssenaridə müxtəlif silahlı qrupların və qeyri-dövlət aktorlarının prosesə cəlb olunması ehtimalı da artır. Regionda fəaliyyət göstərən müxtəlif kürd silahlı təşkilatlarının və digər proksi qüvvələrin aktivləşməsi ehtimalı beyin mərkəzlərində müzakirə olunur. Münaqişə genişlənərsə, sərhəd təhlükəsizliyi məsələsi Türkiyə üçün də prioritetə çevrilə bilər. Ankara daha əvvəl Suriyada və İraqda etdiyi kimi sərhədlərinə yönələn riskləri aradan qaldırmaq üçün hərbi əməliyyatlara əl ata biləcəyini dəfələrlə göstərib. Bu baxımdan regional müharibə ssenarisi yalnız iki dövlətin qarşıdurması deyil, çoxsaylı aktorların iştirak etdiyi mürəkkəb təhlükəsizlik böhranına çevrilə bilər.
Belə mürəkkəb və həssas bir vəziyyətdə Azərbaycan üçün ən vacib məsələ milli maraqlardır. Azərbaycanın xarici siyasəti həmişə balans və praqmatizm üzərində qurulub. Lakin mümkün böhran dərinləşərsə, başqa bir mühüm məsələ də gündəmə gələ bilər, İranda yaşayan milyonlarla Güney azərbaycanlının taleyi və hüquqları. Bölgədə sabitlik pozularsa, Azərbaycan dövləti soydaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması məsələsinə daha fəal şəkildə diqqət yetirmək məsuliyyəti ilə üz-üzə qala bilər. Tarixin belə dönəmlərində dövlətlərin qarşısında duran əsas vəzifə emosional seçim etmək deyil, xalqının təhlükəsizliyini, milli maraqlarını və regional sabitliyi qoruyacaq ən ağıllı və uzaqgörən siyasəti həyata keçirməkdir.
Güney Azərbaycan məsələsində ən real və effektiv strategiya
✔️Beynəlxalq hüquqa əsaslanan diplomatiya
✔️mədəni və humanitar əlaqələrin gücləndirilməsi
✔️insan hüquqları məsələsinin beynəlxalq gündəmdə saxlanması
Beynəlxalr təşkilatlar vasitəsi ilə Güney Azərbaycanlıların hüquqlarını müdafiə etmək üçün beynəlxalq platformalara
▪️United Nations
▪️Organization of İslamic Cooperation
▪️Council of Europe və s. müraciət edə bilər.
Bu platformalarda dil hüquqları, mədəni hüquqlar, siyasi təmsilçilik və insan hüquqları pozuntuları və s. kimi məsələlər qaldırıla bilər.

Qeyd: Bəzən dövlətlər “humanitar müdaxilə” (qoruma məsuliyyəti) arqumentindən istifadə edirlər. Bu ideya xüsusilə Responsibility to Protect (R2P) prinsipi ilə bağlıdır. Bu prinsipə görə beynəlxalq ictimaiyyət soyqırım, etnik təmizləmə, kütləvi qırğın kimi hallarda mülki əhalini qorumaq məqsədi ilə (BMT mexanizmi) müdaxilə edə bilər.
Səftər Rəhimli, hüquq elmləri doktoru