
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı apararaq, Tehranı regiondakı “qeyri-sabitlik fəaliyyətlərini” dayandırmağa və beynəlxalq ictimaiyyətin nüvə-raket proqramı ilə bağlı tələblərini yerinə yetirməyə çağırıb.
Primeinfo.az xəbər verir ki, Makron bu barədə öz “X” (keçmiş Twitter) hesabında paylaşım edərək, İrana deeskalasiya yolunu açmaq üçün “vicdanla” danışıqlara başlamağı qəti şəkildə tövsiyə etdiyini bildirib. Fransa lideri xüsusilə vurğulayıb ki, region ölkələrinə qarşı qəbulolunmaz hücumlar dayandırılmalı, mülki və enerji infrastrukturu qorunmalı və Hörmüz boğazında naviqasiya azadlığı dərhal bərpa edilməlidir.
Danışıq zamanı Makron həmçinin İranda casusluq ittihamı ilə saxlanılan və ailələrinin “dövlət girovu” adlandırdığı Fransa vətəndaşları Sesil Koler və Jak Parisin dərhal azad edilərək vətənə qaytarılmasını tələb edib. Qeyd edək ki, bu zəng ABŞ və İsrail koalisiyasının İrana qarşı genişmiqyaslı hava əməliyyatları keçirdiyi və Tehranın bir çox strateji obyektlərinin, o cümədən paytaxtın enerji sisteminin iflic olduğu bir vaxta təsadüf edir.