Xəbər axtarın

Son axtarış nəticələri:

Müctəba Xamneyi ABŞ ilə danışıqlara razılıq verib - DETALLAR

24.03.2026 19:06

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali lideri Müctəba Xamneyinin ABŞ ilə potensial razılaşma barədə danışıqların aparılmasını təsdiqlədiyi barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu gizli şəkildə məlumatlandırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə İsrail KİV-i yüksək vəzifəli iranlı rəsmiyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon danışığı martın 19-da baş tutub. İran tərəfi ABŞ-a ölkədə qərarların hansı səviyyədə qəbul olunduğunu göstərmək və Əraqçinin hakimiyyəti təmsil etdiyini vurğulamaq istəyib.

Nəşr yazır ki, danışıqların şərtləri əvvəlki müzakirələrlə eynidir. Belə ki, İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını müzakirə etməyə hazırdır, lakin nüvə proqramından və ballistik raketlərdən imtina etməyi planlaşdırmır.

Həmçinin qeyd olunur ki, İran tərəfi müharibənin tezliklə başa çatmasına razıdır, lakin bu, Tehranın irəli sürdüyü şərtlər daxilində mümkün hesab olunur.

ABŞ prezidenti Donald Tramp isə martın 23-də Vaşinqton və Tehran arasında danışıqların getdiyini açıqlayıb və onları çox yaxşı və məhsuldar adlandırıb. Məlumata görə, Tramp bu səbəbdən Pentaqona İranın enerji infrastrukturuna planlaşdırılan zərbələri 5 gün təxirə salmağı tapşırıb.

Bununla belə, rəsmi Tehran ABŞ-la hər hansı birbaşa danışıqlar apardığını təkzib edir.

“Axios” nəşrinin yazdığına görə isə tərəflər arasında mümkün danışıqlarda Türkiyə, Misir və Pakistan vasitəçi rolunu oynayıb. Bu ölkələrin xarici işlər nazirləri iki gün ərzində həm ABŞ, həm də İran tərəfi ilə ayrı-ayrılıqda görüşlər keçiriblər.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Paylaş: