
Ramazan ayı münasibətilə Türkiyənin Qars şəhərində azərbaycanlı soydaşlarımız üçün iftar tədbiri təşkil olunub.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan mərasimdə Komitənin sədri Ramin Məmmədov, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Qars vilayətinin valisi Ziya Polat, Qars bələdiyyəsinin sədri Ötüken Senger, Qarsda yaşayan şəhid ailələri və tələbələr iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev bildirib ki, Türkiyə ərazisində üç bölgədə iftar süfrələri təşkil olunub.
O, bu mərasimlərin artıq ənənəvi xarakter almasının sevindirici hal olduğunu vurğulayıb.
“Düşünürəm ki, bu Ramazan ayı bizim üçün çox önəmli olacaq. Bütün oruc tutanların orucu qəbul olsun. Ümid edirəm ki, gələn il də yenidən belə iftar süfrələri ətrafında bir araya gəlmək bizə qismət olar”, – o deyib.
Qars vilayətinin valisi Ziya Polat isə çıxışında iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərindən bəhs edib. O qeyd edib ki, regionda baş verən müharibələr Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyətini bir daha göstərir.
“Ümid edirəm ki, bu qardaşlıq süfrəsini hər zaman birlikdə paylaşmağa davam edəcəyik. Müharibələrin alovlandığı regionumuzda Türkiyə və Azərbaycan qol-qola, bir yerdə olmağa məcburdur. Türklər güclü olduqca regionda da sülh bərqərar olar. Ramazanın bərəkətini yaşayırıq. Hazırda bölgəmizdə müharibələr alovlansa da, ölkələrimizdə sülh və sabitlik hökm sürür”, – vali vurğulayıb.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi iftar tədbiri İğdır bölgəsində də davam etdiriləcək.

























