Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-nin İranla bağlı yeni planı bu gün Trampa təqdim olunacaq

30.04.2026 11:06

ABŞ-nin İranla bağlı yeni planı bu gün Trampa təqdim olunacaq
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Den Keyn bu gün prezident Donald Trampa İranda mümkün hərbi əməliyyatların yeni planları barədə məlumat verəcəklər.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalının məlumatında bildirilib.

Məlumata görə, CENTCOM İrana qarşı “qısa və güclü” zərbələr dalğası planı hazırlayıb. Bu zərbələrin infrastruktur obyektlərini də əhatə edəcəyi ehtimal olunur. Vaşinqton ümid edir ki, zərbələrdən sonra İran danışıqlar masasına qayıdacaq və nüvə məsələsində daha çevik mövqe tutacaq.

Trampa təqdim olunacağı gözlənilən digər plan isə kommersiya gəmilərinin hərəkətini bərpa etmək üçün Hörmüz boğazının bir hissəsinin ələ keçirilməsini nəzərdə tutur. “Axios”a məlumat verən mənbələrdən birinin sözlərinə görə, bu halda quru qoşunlarının da istifadəsi istisna edilmir.

Başqa bir variant isə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarına qarşı xüsusi təyinatlı qüvvələrin əməliyyatıdır.

İki mənbə “Axios”a bildirib ki, Ağ Evin rəhbəri hazırda blokadanı əsas təzyiq vasitəsi kimi nəzərdən keçirir, lakin İran güzəştə getməzsə, hərbi əməliyyat ehtimalını da istisna etmir.

Cümə axşamı ABŞ-ın İrana qarşı hərbi əməliyyat ehtimalını nəzərdən keçirdiyi xəbərləri fonunda neft qiymətləri kəskin artıb. Brent markalı neftin iyun fyuçersləri əvvəlki ticarətdə 6,1% artdıqdan sonra 5,27 dollar (4,5%) bahalaşaraq bir barel üçün 123,30 dollara çatıb. ABŞ-ın WTI markalı neftinin iyun tədarükü üzrə fyuçersləri isə 7% artımdan sonra 2,42 dollar (2,3%) yüksələrək bir barel üçün 109,30 dollara çatıb.

Tramp İranın təkliflərini rədd edərək hesab edib ki, blokada bombardmandan daha effektivdir. Prezident bildirib ki, İranın neft anbarları və boru kəmərləri ixracın mümkünsüzlüyü səbəbindən “partlayış həddindədir”. ABŞ lideri Tehranın Vaşinqtonun şərtləri ilə razılaşana qədər İran limanlarının blokadasını davam etdirəcəyini vəd edib.

Press TV-nin məlumatına görə, İran ABŞ blokadanı davam etdirərsə, “misli görünməmiş hərbi tədbirlərlə” hədələyib.

Paylaş: