
İran ətrafında gərginlik fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti Türkiyə Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Ticarət naziri Ömər Bolat bildirib ki, Ankara böhran şəraitində enerji tədarükünün fasiləsiz davam etməsi üçün beş alternativ neft və qaz nəqli marşrutu üzərində işləyib.
“Yeni logistika həlləri həm enerji istehsalçıları, həm də istehlakçı ölkələr üçün mühüm alternativ kimi nəzərdə tutulur. Bu marşrutlar mümkün böhran vəziyyətlərində təchizatın dayanmamasına xidmət edəcək”.
Nazir qeyd edib ki, təklif olunan marşrutlara İraq və Suriya üzərindən quru yolu ilə daşınmalar, Süveyş kanalı və Qırmızı dəniz istiqaməti, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə birləşdirilmiş nəqliyyat xətti, eləcə də Oman limanları vasitəsilə BƏƏ və regionun digər ölkələrinə çatdırılma daxildir.
Alternativ variant kimi Ümid burnu üzərindən keçən marşrut da nəzərdən keçirilir. Lakin bu istiqamət çatdırılma müddətini təxminən 10-15 gün uzadır və nəqliyyat xərclərini artırır.
Bundan əvvəl bildirilib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından neft məhsullarının daşınmasını əlaqələndirmək üçün konsorsium yaratmaq imkanlarını araşdırır.
Xatırladaq ki, bölgədə gərginlik fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başlamasından sonra daha da artıb. Buna cavab olaraq Tehran bəzi ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə məhdudiyyət tətbiq edib. Bununla belə, Rusiya, Çin, Hindistan, İraq və Pakistan kimi ölkələrə tranzit üçün icazə verildiyi bildirilib.