
Astanada Türk Dövlətləri Təşkilatının (TDT) ətraf mühit və ekologiya məsələləri üzrə nazirlərinin İkinci görüşünün yekunlarına dair Bəyannamə imzalanıb.
Primeinfo.az Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan nümayəndələri, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və təşkilatdan olan müşahidəçilər iştirak ediblər.
Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev ölkələrin iqlim dəyişikliyi, tükənmiş su ehtiyatları, torpaqların deqradasiyası, Xəzər dənizinin dayazlaşması və Aral dənizinin qurumasının nəticələri də daxil olmaqla ortaq ekoloji problemlərlə üzləşdiyini qeyd edib.
O bildirib: “Xalqlarımızın rifahını təmin etmək və gələcək nəsillər üçün təbii irsimizi qorumaq naminə qüvvələri birləşdirməliyik. Bu kontekstdə “Türk dünyasının yaşıl vizyonu” xüsusi əhəmiyyət kəsb edir və davamlı inkişaf, yaşıl transformasiya, iqlim dəyişikliyinə adaptasiya ilə bağlı ortaq öhdəliyimizi əks etdirir”.
Nazirin sözlərinə görə, Qazaxıstan birgə fəaliyyəti biomüxtəlifliyin qorunması, ekosistemlərin yaşıllaşdırılması və bərpası, iqlim dəyişikliyi ilə mübarizə, tullantıların davamlı idarə olunmasına yönəltməyi təklif edir.
Nısanbayev bildirib ki, Qazaxıstan Azərbaycanı və Türkiyəni Mərkəzi Asiya ölkələri arasında biomüxtəlifliyin qorunması və davamlı idarəetmə sahəsində əməkdaşlıq haqqında “Regionun davamlı inkişafı naminə təbiətlə harmoniya” adlı regional bəyannaməyə qoşulmağa dəvət edib.