
Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) indiyədək təşkil olunmuş ən böyük Dünya Şəhərsalma Forumudur.
Primeinfo.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada BMT Baş katibinin müavini, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudia Rossbax bildirib.
Onun sözlərinə görə, forumda 30 mindən çox nümayəndə iştirak edir.
A. Rossbax qeyd edib ki, bu göstərici WUF13-ü forumun tarixində ən böyük tədbirə çevirir.
O bildirib ki, Bakıda aparılan müzakirələr BMT Baş katibinin “Gələcək Paktı” (Pact for the Future) çərçivəsində yerli və regional hökumətlərin rolunun gücləndirilməsi istiqamətində görülən işlərə töhfə verir.
UN-Habitat rəhbərinin sözlərinə görə, BMT Baş katibinin hazırladığı hesabatda yerli və regional hakimiyyət orqanlarının qlobal gündəliklərin lokallaşdırılmasındakı rolu xüsusi vurğulanıb.
Rossbax əlavə edib ki, UN-Habitat, Local2030 Koalisiyası və digər beynəlxalq platformalar vasitəsilə BMT qurumları, yerli hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilir.