
ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Ağ Ev lideri jurnalistlərə açıqlamasında bu səfərin yeganə səbəbkarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib.
“Mən Ərdoğana görə gedirəm” deyən Tramp, Türkiyə Prezidentini dost və hörmətli lider adlandırıb, eyni zamanda iki ölkənin müdafiə sahəsində əməkdaşlığı genişləndirə biləcəyinə işarə edib.
Ağ Evin məlumatına görə, Trampı “Air Force One” təyyarəsində dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, hərb naziri Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavinləri Den Skavino və Stiven Miller, Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq müşayiət edir.
Tramp Ankarada həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək. ABŞ liderinin orada mətbuat konfransı keçirəcəyi də nəzərdə tutulub.
Sammit zamanı Trampın NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracağı gözlənilir.

