
ABŞ Prezidenti Donald Tramp İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani vasitəsilə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidi ilə gizli şəkildə əlaqə yaradıb.
Primeinfo.az xəbər verir ki, bu iddia ilə üç məlumatlı mənbəyə istinadən “Axios” çıxış edib.
“May ayında Tramp administrasiyası Bərzani vasitəsilə rəsmi İran müzakirəçilərinin səlahiyyətlərinə şübhə edərək SEPAH rəhbərliyi ilə gizli rabitə kanalı qurub”, – məqalədə deyilir.
Dəqiqləşdirilib ki, mayın 10-da ovaxtkı ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard Trampın və vitse-prezident Cey Di Vensin razılığı ilə Bərzaniyə zəng edərək ondan Vahidi ilə əlaqə yaratmaqda kömək etməsini xahiş edib. Vaxtilə Tehran Universitetində təhsil almış, fars dilində sərbəst danışan və bir çox İran rəsmiləri ilə şəxsi əlaqələri olan İraq Kürdüstanının rəhbəri bu xahişi yerinə yetirməyə razılaşıb.
“Axios”un məlumatına görə, SEPAH komandanı gizli telefon danışığında ABŞ ilə danışıqları dəstəkləməyə hazır olduğunu və münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu təsdiqləyib. Vaşinqton Ərbildə gizli görüş keçirməyi təklif edib, lakin İran İsrail kəşfiyyatının iştirakından ehtiyat etdiyi üçün buna razılaşmayıb”, – mənbələr qeyd edib.
“Münaqişənin tarixi Vaşinqtonun Tehranla danışıqlardakı əsas problemini – İranda yekun qərarları kimin qəbul etdiyinin qeyri-müəyyənliyini göstərdi”, – məqalənin müəllifi yazıb.
“Axios” vurğulayıb ki, müharibə gedişatında ali rəhbər Əli Xamneyinin və digər yüksək vəzifəli İran rəsmilərinin həlak olması SEPAH-ın hakimiyyət rıçaqları üzərində nəzarətini əhəmiyyətli dərəcədə gücləndirib.
Mənbələrin məlumatına görə, bu günlərdə Bərzani Ağ Evə ABŞ-İran danışıqlarının bərpa olunmasına kömək etmək təklifi olan mesaj göndərib.
“Lakin əsas problem vasitəçilər deyil, İranın Hörmüz boğazı ilə bağlı mövqeyi olaraq qalır ki, bunun da yaxın vaxtlarda dəyişəcəyi ehtimalı azdır”, – müəllif iddia edib.