Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan-Türkiyə arasında yeni təbii qaz sazişi bağlanıb

04.01.2026 19:43

Azərbaycanla Türkiyə arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi razılaşdırılıb.

Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar “Kanal 7” telekanalına müsahibəsində bildirib.

Müqaviləyə əsasən, “Abşeron” yatağından ildə 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində Türkiyəyə qaz tədarük ediləcək. Tədarük 2029-cu ildən başlayacaq və 2040-cı illərə qədər davam edəcək.

“Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı “Bakı-Tbilisi-Ərzurum” boru kəməri vasitəsilə ölkəmizə çatdıracağıq”, – nazir deyib.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (“Enerji Piyasası Düzenleme Kurumu” – EPDK) hesabatına görə, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,5 % çoxdur.

Hazırda Azərbaycan Rusiyadan sonra Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.

Qurumun məlumatına görə, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz (2023-cü ilin göstəricisi ilə müqayisədə 11,9 % çoxdur) ixrac edib.

Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

 

Paylaş: