Xəbər axtarın

Son axtarış nəticələri:

Dərnəgüldəki obyektdə baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

21.01.2026 15:50

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

***

14:53

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektindəki obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə jurnalistlərə açıqlamasında bildirib ki, iki tikinti materialları mağazası və anbarı yanıb.

“Yanğın nəticəsində iki ədəd sahəsi 240 kvadrat metr olan tikinti məhsulları satılan mağaza və arxasında 200 kvadrat metr sahəsi olan tikinti materialları anbarı yanıb. Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Əsas yanan məhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır”.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

13:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının söndürülməsi əməliyyatı davam edir, ətraf obyektlər boşaldılır.

Primeinfo.az nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin ümumilikdə 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Yanğınla bağlı hadisə yerində FHN-nin qərargahı yaradılıb.

***

13.47

Bu gün saat 12:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonundan yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə yerində ilkin tibbi yardım göstərilib”, mərkəzin məlumatında qeyd olunub.

***

13:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Primeinfo.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnika və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, Ziya Bunyadov prospektində yerləşən boya satışı və başqa bir neçə mağazada yanğın baş verib.

Yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12.37

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov prospektində yerləşən obyektdə baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12:16

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yanğın başlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

 

 

 

Paylaş: