
“Əhmədli qəsəbəsində hadisə baş verən ərazidə su boruları yenilənməsə, daha böyük sürüşmə ola bilər”.
Primeinfo.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.
O bildirib ki, sürüşmə baş verən ərazidən vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir:
“Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub”.
Ə.Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb. O hesab edir ki, ərazidə mütləq qısa zamanda su təsərrüfat sistemi yenilənməli və müasir borularla əvəzlənməlidir:
“Çünki ərazidəki borulardan su axıntısı səbəbindən torpaqda qopmalar yaranıb. Bu isə gələcəkdə ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində qırıntılar aşkar edilib. O baxımdan, burada gələcəkdə daha böyük sürüşmə ola bilər”.
***
11:45
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.
Bu barədə Primeinfo.az-a Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.
Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.