
“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”.
Primeinfo.az xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, – deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri misal göstərib.
Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır.
O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb.
“İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik”.
A.Simonyan həmçinin bildirib ki, Azərbaycanın Ermənistan üçün öz ərazisindən keçən yüklərin tranzitinə qoyduğu məhdudiyyətləri ləğv etməsi qurulmuş sülhün sübutlarından biridir.
“Əminəm ki, gələcəkdə belə addımların çatışmazlığını yaşamayacağıq. Azərbaycanın bu bəyanatını alqışlayıram. Biz bu məsələlərlə bağlı çox vacib problemlərin tezliklə həllini gözləyirik”, – Simonyan vurğulayıb.
Simonyanın sözlərinə görə, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Cenevrədə görüşü çox müsbət və isti şəraitdə keçib.
Onun sözlərinə görə, tərəflər gələcək addımlar üçün konkret mexanizmin müzakirəsi və təklif edilməsində razılığa gəliblər.