
Türkiyənin xarici işlər naziri Hakan Fidan milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın ilə birlikdə Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Primeinfo.az xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər.
Görüşlərdə Türkiyə-Suriya münasibətləri, eləcə də 10 mart tarixli razılaşmanın icra vəziyyəti müzakirə olunacaq.
Bununla yanaşı, İsrailin hücumları fonunda Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin də gündəmdə olacağı gözlənilir.
Təhlükəsizlik məsələləri ilə yanaşı, Suriyanın yenidən qurulması məqsədilə ikitərəfli səviyyədə həyata keçirilən layihələrin müzakirəsi, həmçinin Suriya hökumətinin institusional potensialının gücləndirilməsinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi məsələlərinin qiymətləndirilməsi planlaşdırılır.
Türkiyə bir tərəfdən təxminən 15 il davam etmiş Suriya münaqişəsinin yaratdığı fəsadların aradan qaldırılmasına töhfə verir, digər tərəfdən isə iki ölkənin maraqlarına uyğun şəkildə Suriyanın sabitliyi və təhlükəsizliyinə xidmət edəcək yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün səylərini davam etdirir.
Qeyd edək ki, nazir Hakan Fidan Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə 22 dekabr 2024-cü il tarixində Suriyaya səfər etmişdi.
