
TƏBİB Gədəbəydə avtobus qəzasında xəsarət alanların son durumunu açıqlayıb.
Primeinfo.az Report-a istinadən xəbər verir ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alanların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirib ki, Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.
Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
