
“Putin çalışır ki, noyabrın 20-dək həm Pokrovskini, həm Mirnoqradı, həm də onun ətrafındakı digər yerləri ələ keçirsin. Hətta gücü çatsa, Donetsk vilayətini bütövlükdə alsın və özünü qalib elan etsin”.
Primeinfo.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində səsləndirib.
Donetski vilayətində gedən döyüşləri şərh edən ekspertin sözlərinə görə, Putinin məqsədi Rusiyanın Ukrayna üzərində qalib gəldiyini və atəşkəs danışıqlarına hazır olduğunu bəyan etməkdir:
“Putin obraz yaratmaq istəyir ki, əlində əsas olsun. Desin ki, mənim istədiyim də elə bu idi – Donetskinin qalan hissələrinə də nəzarəti mənə versinlər, Rusiyanın ərazisi kimi tanısınlar, mən də atəşkəsə başlayım. Təbii ki, Ukrayna tərəfi buna razı olmamışdı. Ona görə də Putin döyüşləri şiddətləndirməklə demək istəyir ki, artıq bu məsələni özüm həll etdim.
Çünki Putin dünyaya, ən əsası da Rusiya cəmiyyətinə hesabat verməlidir – bu 4 ilə yaxın müddətdə verilən canlı itkilər, iqtisadi böhran nəylə əvəzləndi?”
İlham İsmayıl onu da qeyd edib ki, Rusiya ordusu Ukraynaya qarşı apardığı müharibədə təkcə Pokrovski istiqamətində 15 ay müddətində 120 min itki verib.