
“Sunday Times” qəzetinin yeni hesabatında həkimlərə istinadla bildirilir ki, İran hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən etirazların yatırılması zamanı azı 16 500 etirazçı öldürülüb, daha 330 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Primeinfo.az hesabata istinadən xəbər verir ki, ölənlərin böyük hissəsi kütləvi qırğın günləri kimi xarakterizə edilən 9 və 10 yanvar tarixlərində (cümə axşamı və cümə) qeydə alınıb.
“Sunday Times” baş verənləri “molla rejiminin 47 illik hakimiyyəti dövründə ən vəhşi repressiya” kimi qiymətləndirib.
Bu rəqəmlər İran hakimiyyətinin rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir. Belə ki, rejimin xarici işlər naziri Abbas Araqçi “Fox News”a verdiyi müsahibədə etirazlar zamanı “yalnız bir neçə yüz nəfərin” öldüyünü iddia etmişdi.
Bununla belə, İranın ali rəhbəri Əli Xamenei şənbə günü etdiyi çıxışda faktiki olaraq minlərlə insanın həlak olduğunu etiraf edib.
İran hakimiyyəti etirazçıların kütləvi şəkildə qətlə yetirilməsi baxımından uzun illərə dayanan qanlı keçmişə malikdir. Əli Xamenei müxtəlif dövrlərdə etirazların zorakılıqla yatırılması ilə bağlı göstərişlər verib.
ABŞ Prezidenti Donald Tramp şənbə günü Əli Xameneini “xəstə bir insan” adlandıraraq bildirib ki, İran “zəif rəhbərlik səbəbindən dünyada yaşamaq üçün ən pis ölkəyə çevrilib.”
Tramp daha əvvəl də qeyd etmişdi ki, İran hakimiyyətinin başında duran şəxsi hətta lider adlandırmaq çətindir, çünki o, ölkəni yalnız zorakılıq yolu ilə idarə edir.