
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ ilə Ukrayna arasında təhlükəsizlik sazişinin imzalanması ilə bağlı yayılan məlumatlar haqqında açıqlama verib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Lavrov “TGRT HABER” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ–Ukrayna təhlükəsizlik razılaşması barədə yayılan məlumatları şərh etmək niyyətində deyil:
“Birincisi, biz belə bir sənədi görməmişik. İkincisi isə ciddi münaqişələrin həlli üzrə aparılan danışıqların məzmununu ictimaiyyətə sızdırmaq kimi bir ənənəmiz yoxdur. Zelenski, xarici işlər naziri və digər ukraynalı rəsmilər hər fürsətdə ABŞ ilə belə bir razılaşmanın bağlandığını desələr də, biz onu real olaraq görməmişik”.
Lavrov bəzi ölkələri diplomatik etik qaydaları kobud şəkildə pozmaqda ittiham edib. Onun sözlərinə görə, bir sıra tərəflər məsuliyyətsiz şəkildə məlumat sızdırmaq yolunu seçir və bu baxımdan “fransız həmkarlarını” nümunə götürürlər: “Biz belə vərdişlərə malik deyilik və hesab edirik ki, hər kəs danışıqlara ciddi yanaşmalıdır”.
Rusiya XİN rəhbəri Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamalarına da toxunub. Lavrov qeyd edib ki, Zelenskinin ABŞ ilə təhlükəsizlik sazişinin hazır olduğu, Ukraynanın ərazi itkiləri ilə barışmayacağı və Zaporojye AES üzərində nəzarəti geri almağı planlaşdırdığı barədə bəyanatlarını yalnız mediadan öyrənirlər.
Lavrov Avropadakı siyasi proseslərə də diqqət çəkərək maraqlı məqamı vurğulayıb:
“Məndə elə bir təəssürat yaranır ki, burada qalibin səsi eşidilir. Təkcə Donbasda və Novorossiyada deyil, bütün Avropa siyasi səhnəsində”. Nazirin fikrincə, Avropa öz gücünü həddən artıq şişirdib və diplomatik nəzakəti belə gözləməyib. O bildirib ki, Avropa Zelenskinin təsiri altına düşür:
“Məhz bu mərhələdə Zelenski ortaya çıxır və Avropanı Trampa qarşı həddən artıq yumşaq davranmaqda ittiham edir. Onlardan daha sərt mövqe tutmağı və müharibəyə daha fəal dəstək verməyi tələb edir”.