
Ayətullah Seyid Əli Xamneyinin oğlu Müctəba Xamneyi İranın yeni Ali Rəhbəri seçilib.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı İran Ekspertlər Şurası səs çoxluğu ilə qəbul edib.
Qeyd edək ki, Müctəba Xamneyi İranın üçüncü Ali Rəhbəri olub.
Xatırladaq ki, Seyid Əli Xamneyi fevralın 28-də İsrail və ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb. O, 1989–2026-cı illər arasında İranın ikinci Ali Rəhbəri olub.
Müctəba Xamneyi, 1969-cu ildə İranın Məşhəd şəhərində anadan olub. İranın keçmiş Ali Rəhbəri Əli Xamneyinin ikinci övladıdır.
İlahiyyat təhsili alıb, Qumdakı dini mərkəzdə dərs deyib.
Müctəba Xamneyi İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın qatı tərəfdarı olması, 2005 və 2009-cu il seçkilərində Əhmədinejada dəstək verməsi ilə yadda qalıb.
***
22:35
İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəvi lideri Əli Xamneyi ilə eyni soyadı daşıyacaq.
Bu barədə İranın yeni liderinin seçkilərində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.
“Biz İranın yeni liderini seçdik. Xamneyi soyadı yeni Ali Liderdə qalacaq”, – şura üzvü “Al-Hadath” televiziyasına bildirib.
Qeyd edək ki, bu yaxınlara qədər bu vəzifəyə ən çox ehtimal olunan namizədin Xamneyinin oğlu Müctəba olduğu düşünülürdü. Şənbə günü Müctəba Xamneyinin bombardmanlarından birində yaralandığı haqda məlumat yayılmışdı.
***
16:02
İranın növbəti ali dini liderini seçəcək Ekspertlər Məclisində Ayətullah Əli Xamneyinin varisi ilə bağlı çoxluğun razılığı əldə olunub.
Bu barədə “AlJazeera” məlumat yayıb.
Məlumata görə, bu barədə ekspertlər Məclisinin üzvü Ayətullah Məhəmməd Mehdi Mirbaqeri məlumat verib.
Mirbaqeri bildirib ki, varisin seçilməsi prosesində artıq əsas razılıq əldə edilib, lakin prosedurla bağlı “bəzi maneələrin” hələ də həll olunması tələb olunur.
İran Konstitusiyasına əsasən, ölkənin Ali liderini seçmək səlahiyyəti 88 üzvdən ibarət Ekspertlər Məclisinə məxsusdur.
Qeyd edək ki, İranı 37 il idarə etmiş Ayətullah Əli Xamneyi fevralın 28-də Tehran şəhərinə ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbə nəticəsində həlak olub. Həmin hücum Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin başlanğıcı kimi qiymətləndirilir.
Bu arada İsrail ordusu Xamneyinin varisini təyin etməyə çalışan Ekspertlər Məclisinin üzvlərini təqib edəcəkləri barədə xəbərdarlıq edib.
İsrail ordusu bazar günü X sosial şəbəkəsində fars dilində paylaşdığı mesajda bildirib:
“Xamneyinin varisinin seçilməsi ilə bağlı iclasda iştirak etməyi planlaşdıran hər kəsi xəbərdar edirik ki, sizi də hədəfə almaqdan çəkinməyəcəyik. Bu bir xəbərdarlıqdır”.