
Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam şəhərində açılışında iştirak etdikləri 2-ci yaşayış kompleksi 13 hektardan çox ərazini əhatə edir. Burada 60 bina inşa edilib.
Primeinfo.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli AZƏRTAC-a bildirib.
Onun sözlərinə görə, kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə, 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Kompleksdəki binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb.











