Xəbər axtarın

Son axtarış nəticələri:

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20-yə çatıb - YENİLƏNİB

05.12.2025 17:42

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20 nəfərə çatıb.

Primeinfo.az xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha iki nəfər xəstəxanaya gətirilib.

***

16:33

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.

Zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.

***

16:17

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Primeinfo.az bu barədə TƏBİB-ə istinadən məlumat verir.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***

15:43

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Primeinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə Salyan rayonunun Aşağı Noxudlu kənd orta məktəbində baş verib.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

***

15:34

Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından çıxan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: