Xəbər axtarın

Son axtarış nəticələri:

Piyadaların hərəkətinə çətinlik yaranan kəsişmədə yeni işıqforlar quraşdırıldı - VİDEO

27.02.2026 20:09

Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək məqsədilə yeni işıqforlar quraşdırılıb.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, aparılan təhlillər göstərib ki, yolun mailli olması səbəbindən sürücülər piyadaları vaxtında görməkdə çətinlik çəkirdilər. Bu amil nəzərə alınaraq, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, eləcə də ictimai iaşə və xidmət obyektlərinin yaxınlığında yerləşən, piyada intensivliyinin yüksək olduğu kəsişmədə 3 ədəd piyada işıqforu və üzərində piyada bölmələri olan üçlampalı nəqliyyat işıqforları (L və A tipli) quraşdırılaraq istifadəyə verilib.

Yeni işıqforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə şərait yaradıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda zəruri ərazilərdə yeni işıqforların quraşdırılması işləri davam etdirilir.

 

Paylaş: