
“İranın heç bir fərq qoymadan vasitəçi rolunu oynayan Oman, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı bombalaması ideyası inanılmaz dərəcədə yanlış strategiyadır. Bu, regionda onsuz da son dərəcə ciddi olan riskləri daha da artırar”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İran rejiminin yol verdiyi səhvləri və region üçün törətdiyi təhlükələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, İranda yeni rəhbərlik bu mərhələdə daha çevik mövqe sərgiləyə bilər və bu, müharibəni dayandırmaq üçün real fürsət yarada bilər.
“Proses ağıllı şəkildə idarə olunarsa, elə bir balans qurulmalıdır ki, iranlılar özlərini dərin şəkildə alçaldılmış hiss etməsinlər, eyni zamanda digər tərəflərin narahatlıqları da nəzərə alınsın. Əks halda, müharibə daha təhlükəli və nəzarətdən çıxan bir trayektoriya ala bilər.
Körfəz ölkələri ilə danışarkən aydın görünür ki, hədəfə alınanlar təkcə Amerika bazaları deyil – onların enerji infrastrukturu və bəzi mülki obyektləri də zərbə altındadır.
Bu proses müəyyən həddi aşarsa, həmin ölkələrin susması mümkün olmayacaq. İranlılar mövcud vəziyyəti düzgün oxumamış ola bilərlər.
Əgər Tehran ABŞ prezidenti Donald Trampın üzləşdiyi qərarvermə təzyiqlərini daha düzgün dəyərləndirib ona əvvəlcədən müəyyən təkliflər versəydi, İsrailin təzyiqi bu qədər effektiv olmazdı.
Lakin bu baş vermədi.
Müharibə şəraitində və hücum altında olan İran, öz ərazisindən və ya hava məkanından hücum edən tərəflərə istifadə imkanı verməyən, təyyarələrin qalxmasına icazə verməyən, ABŞ və ya İsraili dəstəkləməyən, neytrallıq nümayiş etdirən ölkələri hədəfə almamalıdır.
Hazırda İranın izlədiyi strategiya belə bir siqnal verir: əgər özünə qarşı son hücum baş verərsə, regionu da özü ilə birlikdə aparacaq. Onun sözləri ilə desək: “Əgər mən süqut etsəm, regionu da özümlə aparacağam”.
Bu strategiya xüsusilə region ölkələrini, ilk növbədə isə onların enerji infrastrukturunu hədəf alır”.
Hakan Fidan əlavə edib ki, İran əsas regional dövlətlərin enerji infrastrukturunun qlobal iqtisadi sabitlik üçün həlledici əhəmiyyət daşıdığını çox yaxşı anlayır.