Xəbər axtarın

Son axtarış nəticələri:

İslamabad görüşündə anlaşma olacaqmı? - Deputatdan KRİTİK AÇIQLAMA

11.04.2026 09:50

Dünyanın nəfəsini kəsib izlədiyi tarixi ABŞ-İran görüşünə saatlar qaldı.

Primeinfo.az xəbər verir ki, İslamabadda baş tutacaq bu yüksək səviyyəli sülh danışıqlarında İran tərəfini təmsil edəcək heyətin tərkibi diqqət çəkir.

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Pakistanda keçirilən danışıqlarda iştirak edən ABŞ və İran nümayəndə heyətlərinin tərkibi açıqlanıb.

Tərəflər yüksək səviyyəli rəsmilərlə təmsil olunurlar.

ABŞ nümayəndə heyəti:

  • Cey Di Vens – ABŞ-ın vitse-prezidenti;
  • Stiv Uitkoff – Yaxın Şərq üzrə xüsusi elçi;
  • Cared Kuşner – Prezidentin baş müşaviri;
  • Admiral Bred Kuper – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı.

İran nümayəndə heyəti:

  • Abbas Əraqçi – İranın xarici işlər naziri;
  • Məhəmməd Baqir Qalibaf – İran parlamentinin sədri;
  • Məcid Taxt-Ravançi – İranın BMT-dəki daimi nümayəndəsi;
  • Məhəmməd Baqir Zolqədr – İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi.

Bu gün baş tutacaq görüşdə anlaşma əldə etmək mümkün olacaqmı?

Millət vəkili Hikmət Babaoğlu Primeinfo.az-a açıqlamasında bildirib ki, İslamabadda keçiriləcək ABŞ-İran görüşlərinə hər iki tərəf həll edilməmiş problemlərlə və bir-birinə qarşı hədələr, ittihamlarla gedirlər:

“Ona görə də ilk baxışdan bu cür maksimalist mövqe danışıqlarda psixoloji baxımdan üstünlük əldə etmək cəhdləri kimi görünsə də, məsələnin mahiyyəti və həqiqi məzmunda da bu təhdidlər realdır və danışıqların pozulması üçün səbəbə çevrilə bilər. Mənə elə gəlir ki, Pakistanda danışıqların səmərəli olması üçün iki mühüm problemin həllində ortaq mövqeyə gəlinməlidir. Bu problemlərdən biri, 12 günlük və 40 günlük müharibənin səbəbidir. Yəni, İranın nüvə silahı əldə etmə fikrindən vaz keçməsi və zənginləşmiş Uranı üçüncü tərəflərə verməsi, ya da ləğv etməsidir ki, bu birinci səbəbidir. On iki günlük müharibənin və 40 günlük müharibənin əsas səbəbi bu idi”.

İkinci səbəbə gəlincə, H.Babaoğlu hesab edir ki, bu, Hörmüz boğazı ilə bağlıdır:

“Müharibənin daha davamlı olması və yeni bir müharibənin başlanması üçün Hörmüz boğazı problem idi. İslamabadda diplomatik masa üzərinə gətiriləcək ikinci mövzu da Hörmüz boğazının qeydsiz-şərtsiz açılması məsələsidir. Ona görə də biz diqqət etsək görəcəyik ki, masa üzərində danışıqlar mövzusu bir olsa da, bu siyasi konfiqurasiya baxımından bir “rus matruşkasını” xatırladır. Bir problemi həll edəcəksiniz, amma o problemi əgər həll etməyə nail olsanız, açacaq görəcəksiniz ki, bu problemin içərisində ayrı bir problem də var. Hətta onu açsanız, üçüncü bir problem çıxacaq. Yəni, o nədir? Üçqat “rus siyasi matruşkası”nın içərisində olan üçüncü qat İsrail Livan münasibətləridir. Hansı ki, 40 günlük müharibəyə qədər ümumiyyətlə belə bir problem nə İsrail-ABŞ, nə İsrail-İran münasibətlərində nəzərdən keçirilmirdi”.

Deputat qeyd edir ki, əgər bu məsələdə üçqat bir mürəkkəb kombinasiya varsa, bunun bir görüşdə həll edilməsi real görünmür. Ona görə də az ehtimal olunan məsələlərdən biri ondan ibarətdir ki, iki həftəlik danışıqlar daha güclü müharibəyə hazırlıqdır və müharibənin son akkordlarının vurulması üçün ABŞ-yə lazım idi: 

“Bunun üçün də ABŞ-NATO müttəfiqlərini hərəkətə gətirməsi zərurəti vardı ki, artıq belə bir görüş ABŞ-NATO-nun baş katibi Rudde ilə ABŞ prezidenti Tramp arasında keçirildi. İrana da ballistik raketlər və onların buraxılmasını təmin edən batareyaların ehtiyatlarının yenidən formalaşdırılması və yaradılması üçün lazım idi.

Mənə elə gəlir ki, bütün bunlar mürəkkəb, olduqca çətin məsələlərdir. Həll edilmə ehtimalı az olan məsələlərdir. Ancaq yenə də kiçik bir ehtimal olsa da, heç olmasa danışıqların bundan sonra davam etdirilməsi və atəşkəsin bir az da uzadılması üçün şərtlər formalaşa bilər ki, bu da danışıqlarda tərəflərin bir-birinə qarşı nə qədər kompromis mövqedən çıxış etməsindən asılı olacaqdır”.

Paylaş: