
Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) xarici siyasət, iqtisadiyyat, nəqliyyat, gömrük və rəqəmsallaşmadan tutmuş təhsil, gənclər, mədəniyyət, turizm, kosmos və dini məsələlərə qədər müxtəlif sahələri əhatə edən 59 əməkdaşlıq mexanizmi vasitəsilə tərəfdaşlığı əlaqələndirir. Dini işlər sahəsində yeni əməkdaşlıq formatının yaradılması isə bu prosesin növbəti vacib mərhələsidir.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev səsləndirib.
Baş katib bildirib ki, hazırda dünya dərin transformasiya dövrünü yaşayır: “Bir çox bölgədə cəmiyyətlər artan qütbləşmə, dezinformasiya, dözümsüzlük, həmçinin ekstremist qruplar və radikal ideologiyaların dini hisslərdən sui-istifadə etməsi halları ilə üzləşir. Belə bir şəraitdə dini məsələlərə məsul qurumlar arasında daha sıx işbirliyinin qurulması böyük önəm kəsb edir. Birgə fəaliyyət, təcrübə mübadiləsi və qarşılıqlı öyrənmə sayəsində sosial harmoniyanı daha da gücləndirə, ortaq dəyərlərimizi qoruya və regional sabitliyə töhfə verə bilərik”.
K.Ömüralıyev vurğulayıb ki, təməli qoyulan bu yeni mexanizm Türk Dövlətlərinin Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının gördüyü dəyərli işləri tamamlayacaq: “Şura dini liderlər arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Onun tərkibindəki Fətva Komitəsi isə Türk dünyasında dini məsələlərin yaxınlaşdırılması üçün vacib ekspert platforması kimi fəaliyyət göstərib.
Bu gün yaradılan mexanizm isə dini sahədə siyasətin formalaşdırılmasına məsul olan dövlət qurumlarını bir araya gətirəcək və bununla da əməkdaşlığımıza yeni institusional xarakter qazandıracaq”.