
Bu gecə ABŞ və İran arasında yenidən qarşılıqlı zərbələr həyata keçirilib.
Primeinfo.az xəbər verir ki, ABŞ İran ərazisində hava hücumundan müdafiə sistemləri, radiolokasiya stansiyaları, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri də daxil olmaqla onlarla hərbi hədəfə zərbələr endirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, təxminən altı saat davam edən əməliyyatda qırıcılar, hərbi gəmilər və pilotsuz aparatlarından istifadə olunub.
İranın “NourNews” agentliyi bildirib ki, Amerika silahlı qüvvələri İranın azı 13 şəhərindəki obyektlərə hücum edib. Abadan, Əhvaz, Bəndər Abbas, Bəndər Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Qeşm, Sirik, Xəndab, Xürrəmşəhr və Əndimeşk şəhərləri zərər çəkib.
Endirilən aviazərbələr nəticəsində ən azı iki nəfər həlak olub.
İran ordusu ABŞ-nin hava hücumlarına cavab olaraq Birləşmiş Ştatların Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.
“Tasnim” agentliyinin məlumatına görə, Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib və hərbi bazalardan birinə raket atılıb. Hücum barədə məlumatı Bəhreynin Daxili İşlər Nazirliyi təsdiqləyib.
“İnsanların yaxınlıqdakı sığınacaqlara yerləşdirilməsi tövsiyə olunub”, – məlumatda bildirilib.
ABŞ-nin Küveytdəki hərbi bazasında da partlayışın baş verdiyi barədə məlumat yayılıb.