
Adanada səhər saatlarında Furkan Vəqfinə qarşı əməliyyat keçirilib.
Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, vəqfin qurucusu və rəhbəri Alparslan Kuytul, onun həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb.
Kuytulun evinin ətrafında çevik polis qüvvələri və xüsusi təyinatlı dəstələrin iştirakı ilə təhlükəsizlik tədbirləri görülüb. Evin ətrafına toplaşan Kuytul tərəfdarları ilə polis əməkdaşları arasında qısa müddətli mübahisə yaranıb. Evdə aparılan axtarışdan sonra Alparslan Kuytul, həyat yoldaşı Semra Kuytul və çox sayda şəxs saxlanılıb.
Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra polis idarəsinə aparılıblar.
Ədliyyə naziri Akın Gürlek sosial media hesabında açıqlama verərək bildirib ki, Adana mərkəzli 6 vilayətdə 49 ünvanda eyni vaxtda əməliyyat keçirilib, 5 şirkətə idarəçi qəyyum təyin olunub və istintaq çərçivəsində təşkilatın xeyrinə fəaliyyət göstərdiyi müəyyən edilən 349 sosial media hesabına girişin məhdudlaşdırılması barədə qərar verilib.
Nazir bildirib ki, bu istintaq hər hansı dini qrupu, inancı, düşüncəni və ya qanuni fəaliyyəti deyil, iş materiallarında əks olunan konkret cinayət əməllərini, zərərçəkmiş və şahid ifadələrini və maliyyə sübutlarını əhatə edir. Onun sözlərinə görə, ictimaiyyətdə “Kuytulçular” kimi tanınan strukturun cinayət xarakterli fəaliyyətləri və bu fəaliyyətlərdən əldə edildiyi müəyyən edilən gəlirlər araşdırılıb. Nəticədə 32 şübhəli şəxs barəsində cinayət təşkilatı yaratmaq və idarə etmək, təşkilata üzvlük, cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması, dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və Vergi Prosessual Qanununa zidd hərəkətlər üzrə hüquqi prosedur başladılıb.





























