
“Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”nin inşası ilə bağlı ölkəmizin əsas icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası binasının, eyni zamanda ümumilikdə 26 binadan ibarət 4 yaşayış məntəqəsinin tikintisi tam başa çatdırılıb”.
Primeinfo.az xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib.
“Hazırda da tərəfimizdən mədəniyyət mərkəzinin tikintisi davam etdirilir”, – deyə o əlavə edib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətini və qonşu dövlətləri belə silkələyib. Bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina yerlə-yeksan olub.
Prezident İlham Əliyevin tapşırığına əsasən isə Azərbaycan zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Bundan başqa, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin təklifi ilə “Azərbaycan bulvarı”nın da yerləşdiyi ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb.