
Fransada təhsil müəssisələri əməkdaşlarının və yuxarı sinif şagirdlərinin etiraz aksiyaları davam edir.
Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre mətbuat konfransında məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar zamanı 200-dən çox insan xəsarət alıb. Xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının 83 əməkdaşı var.
“Ötən cümə günündən bəri 119 şagird və məktəb əməkdaşı xəsarət alıb”, – E.Jeffre dəqiqləşdirib.
O bildirib ki, bir çoxları pirotexnika vasitələrinin və etirazçıların atdığı ağır əşyaların dəyməsi nəticəsində xəsarət alıblar.
L.Nünyesin sözlərinə görə, hazırda Fransa Milli Polisinin Baş İnspeksiyası (IGPN) üç epizod üzrə araşdırma aparır: kütləni dağıtmaq üçün atlı polisdən istifadə olunan Sevranda, nümayişin dağıdılması zamanı məktəblinin başından xəsarət aldığı Turda, eləcə də məktəblinin bir qrup polislə davaya başladığı Sent-Uan-L’Omon kommunasında.
Xatırladaq ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb, daha sonra isə Fransanın digər regionlarına yayılıb. Nümayişçilər həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər.
Son məlumatlara görə, etirazlar və iğtişaşlar zamanı 625 nəfər saxlanılıb ki, onların da əksəriyyəti yetkinlik yaşına çatmayanlardır.