
Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşat icmasının rəhbəri postuna “Daşnaksütyun” partiyasından namizəd olan Geraşim Vardanyanın həyat yoldaşının dövlət qurumunda işlədiyini açıqlayıb.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, Vardanyanın həyat yoldaşı 2022-ci ilin mart ayından Vahid Sosial Xidmətdə baş mütəxəssis vəzifəsində çalışır.
Baş nazir bildirib ki, həmin namizəd, onun partiyadaşları və tərəfdarları hakimiyyəti insanları siyasi baxışlarına görə işdən çıxarmaqda ittiham edirlər.
“Yeri gəlmişkən, bu namizəd iki cinayət işi üzrə təqsirləndirilən şəxsdir.
Üstəlik, belə insanların dövlət sistemində işləməsi çoxlarına bizim gizli şəkildə Rob (Robert Köçəryan), Serj (Serj Sarkisyan), daşnaklar və “kaluqa qruplaşması” ilə əlaqəli olduğumuzu düşünmək üçün əsas verir.
Çoxları deyir ki, inqilab etdik, amma hakimiyyətə yenə daşnaklar və respublikaçılar gəlib.
Bəs indi mən nə etməliyəm – bu insanları işdən çıxarmalıyam, yoxsa işdə saxlamalıyam?” – deyə Paşinyan vurğulayıb.