
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin ən iri və qalmaqallı Dağlıq-mədən layihələrindən biri olan Amulsar qızıl yatağının rəsmi olaraq istismara verildiyini elan edib.
Primeinfo.az xəbər verir ki, hökumət başçısı sosial şəbəkə hesabında və rəsmi kanallarla yataqda hasilat və emal prosesinin başladığını bəyan edib.
Amulsar qızıl yatağı Cermuk (İstisu) kurort zonasının yaxınlığında yerləşir və illərdir ekoloqların, eləcə də yerli sakinlərin kəskin etirazları, su hövzələrinin çirklənməsi xəbərdarlıqları səbəbindən fəaliyyətini dayandırmışdı. Lakin Ermənistan hökuməti “Lydian Armenia” şirkəti və beynəlxalq investorlarla əldə olunan 250 milyon dollardan çox dəyərindəki yeni razılaşmalar çərçivəsində layihəni bərpa etmək qərarına gəlib.
Paşinyan administrasiyası mədənin fəaliyyətə başlamasının ölkə İÜM-nə ciddi töhfə verəcəyini, minlərlə yeni iş yeri yaradacağını və dövlət büdcəsinə vergi daxilolmalarını kəskin artıracağını bildirir.
Lakin ekoloji risklər və su resurslarına dəyə biləcək zərər mövzusu Ermənistan cəmiyyətində və mütəxəssislər arasında hələ də ciddi mübahisə obyekti olaraq qalmaqdadır.