
İran Prezidenti Məsud Pezeşkian ölkənin ağır vəziyyətdə olduğunu, buna baxmayaraq, enerji və sənaye sahələrində istehsalın davam etdirilməsi üçün səylərin göstərildiyini bildirib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Pezeşkian bu fikirləri Şərqi Azərbaycan əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında videokonfrans vasitəsilə çıxışı zamanı səsləndirib.
O, əyalət rəhbərlərinə daha geniş səlahiyyətlərin verilməsinin vacibliyini vurğulayıb. Prezident bildirib ki, yerli rəhbərlər bütün məsələlərdə Tehrandan göstəriş gözləməməli, müstəqil qərarlar qəbul etməlidirlər.
“İslam İnqilabından sonrakı 48 il ərzində heç vaxt bu qədər çətin vəziyyətdə olmamışıq. Düşmən komandirləri və rəhbər şəxsləri terror etməklə, liderlərin ölümünə səbəb olmaqla və hərtərəfli hücumlarla ölkəni çökdürməyə çalışdı. Dəniz, hava və quru yollarını bağlayaraq əhaliyə xidmət göstərilməsinə mane olmaq, narazılıq yaratmaq istədi. Lakin biz möhkəm dayanmışıq və ölkənin təchizatını təmin edirik”, – deyə Pezeşkian bildirib.
O, problemlərin həlli üçün mərkəzi və yerli qurumların birgə fəaliyyət göstərməli olduğunu qeyd edib:
“Ya yol çəkəcəyik, ya da yol tapacağıq. Sizin köməyinizlə bu yolu keçəcəyik”.
Pezeşkian enerji infrastrukturuna edilən hücumlardan da danışıb. O bildirib ki, elektrik stansiyaları, qaz şəbəkəsi və sənaye müəssisələri hücumlara məruz qalıb.
Pezeşkian əhalini enerjiyə qənaət kampaniyasına qoşulmağa, evlərdə isti geyinərək enerji istehlakını azaltmağa çağırıb. Onun fikrincə, bu, sənayenin fəaliyyətini davam etdirməsinə kömək edəcək.