
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, brifinq zamanı deyib ki, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli danışıqların mövzusunu müəyyənləşdirib. Müzakirələrdə sülh nizamlanmasına nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələlər nəzərdən keçiriləcək.
Peskov Ukrayna ilə bağlı danışıqlarda Avropa İttifaqının xüsusi nümayəndəsinin iştirakının məqsədəuyğunluğunun Brüsselin tutacağı mövqedən asılı olduğunu bildirib.
“Heç nəyi istisna etmək olmaz. Lakin noyabrın birinci yarısına planlaşdırılan Əbu-Dabi danışıqları üçtərəfli formatda keçiriləcək”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskovun sözlərinə görə, Kremlin ümumi mövqeyi ondan ibarətdir ki, digər tərəflərin iştirakı olmadan Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etmək mümkün deyil.
Qeyd edək ki, bundan əvvəl Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibi barədə hələ qərar vermədiyini açıqlamışdı.